Termiki yanıqlar-dəri və selikli qişaya mənbəyi alov, isti maddə və mayelər, yanan maddələr olan yüksək temperaturun təsiri nəticəsində baş verir. Termiki yanıqlar bəzi hallarda insanın əlilliyinə, hətta ölümünə səbəb olan ağır zədələrə aiddir. Yanıqlara istehsalatla yanaşı məişətdə də tez-tez rast gəlinir. Yanığın ağırlığı yanmış sahənin ölçüsündən və toxumaların zədələnmə dərinliyindən asılıdır.
Yanıqlar zamanı ilkin yardım necə göstərilməlidir?
✔️ Yünğül yanıqlar zamanı müvafiq ağrısızlaşdırma aparıldıqdan sonra yanıq yarasının ətrafı 0,25 və ya 0,5%-li ammonyak məhlulu, ilıq sabunlu su və ya antiseptik məhlulla silinir.
✔️ Daha sonra spirt və ya yod məhlulu ilə işlənilir. Bundan sonra antiseptik məhlulda (furasillin 1:5000, xlorasil, rivanol) isladılmış tamponla, sonra 0.25%-li novakain məhlulu ilə silinir və ehtiyatla yaranın üzərindəki kənar laylar, yad cisimlər, dərinin üst qatının qalıqları təmizlənir.
✔️ Tamlığı pozulmamış suluqlar götürülmür. Çox gərgin olan suluqlar əsasından kəsilir.
Paltarı alov tutmuş insana ilkin yardım ləngidilmədən göstərilməlidir:
❌ Alovu əllə və ya hər hansı bir əşya ilə söndürmək olmaz.
✔️ Zərərçəkənin üzərinə su tökmək, əgər su yoxdursa hər hansı bir örtüklə (yorğan, xalça, ədyal) örtmək lazımdır.
✔️ Sönmüş paltarı zərərçəkənin bədənindən ehtiyatla çıxartmaq (lazım gəlsə kəsib çıxartmaq) lazımdır. Bu zaman çalışmaq lazımdır ki, yanmış bədənə xətər yetirilməsin.
❌ Zərərçəkəni, xüsusilə ilin soyuq vaxtlarında, tam soyundurmaq məsləhət görülmür.
✔️ Yanığa yapışmış paltarın hissələrini kəsib götürmək lazımdır.
❌ Suluqları deşmək, yanığın üzərinə yağ, müxtəlif məlhəmlər sürtmək, toz şəklində dərmanlar səpmək, əllə toxunmaq olmaz. ✔️Yanmış sahəyə steril sarğı qoyulmalı və zərərçəkənin bədəninə daha az ağrılı vəziyyət verilməlidir.
✔️ Orta, ağır və çox ağır dərəcəli yanıqlarda, əgər mümkündürsə, zərərçəkənə ağrıkəsici dərman preparatının yeridilməsi, isti çayın verilməsi, bədənin isti əşya ilə bürünməsi məsləhətdir.
✔️ Ev şəraitində gövdənin və ətrafların geniş yanıqları olan insanı ütülənmiş mələfəyə bürümək məsləhət görülür. Bu zaman çalışmaq lazımdır ki, oynaqların qatlanan səthlərində və digər yerlərdə yanmış sahələr bir -birinə toxunmasın.
Bundan sonra xəsarət alan çox ehtiyatla tibb müəsissəsinə aparılmalıdır.