İnsanın sərbəst nəfəs almadığı və orqanizminin tələb olunan miqdarda oksigenlə təmin edilə bilmədiyi hallarda yeganə xilas yolu süni tənəffüsün aparılmasıdır.
Süni tənəffüsün məğzi havanın ağ ciyərlərə süni surətdə qovulmasından ibarətdir. Qovulan havanın ağ ciyərlərə sərbəst daxil olması üçün isə yuxarı tənəffüs yollarının keçiriciliyi bərpa olunmalıdır. Belə ki, yuxarı tənəffüs yolları dilin geri qatlanması nəticəsində, yaxud su ilə, yosunla, qumla, qan laxtası ilə, qusuntu kütləsi ilə, qida qalıqları ilə, sınmış protez dişlərlə və s. tutula bilər. Yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası üçün aşağıdakı üsuldan istifadə edilir.
✔️ Xəstənin başının geri qatlanması: Xəstə arxası üstə uzadılır, yardım göstərən şəxs əlinin birini xəstənin boynunun altından keçirərək onu bir qədər yuxarı qaldırmaqla bir az arxaya doğru əyir. Eyni zamanda digər əlilə xəstənin alnından olmaqla başı arxaya yüngülcə itələyir. Boyun fəqərələrinin zədələnməsinə şübhə olduqda bu üsuldan ehtiyatla istifadə edilməlidir.
✔️ Alt çənənin önə çıxarılması: Hər iki əlin 4 barmağı çənəaltından yapışmaqla və baş barmaqlar isə ağız bucaqlarının yanlarında aşağıya doğru çənəni tutmaqla alt çənə önə doğru çıxarılır və aşağıya doğru elə dartılır ki, alt kəsici dişlər üst kəsicilərdən öndə dursun.
✔️ Baş barmaqla ağızın açılması: Sağ əlin baş barmağını ağıza salıb, qalan 4 barmaqla çənə altından tutub, çənəni aşağıya doğru dartır, alına qoyulmuş sol əllə isə başı arxaya doğru itələyirlər.
✳️Yuxarıda göstərdiyimiz üsulların birilə ağız açıldıqdan sonra, ağız boşluğu nəzərdən keçirilir: qatlanmış dil düzləndirilir, sınmış protezlər, yad cisimlər çıxardılır, sonra xəstənin başı bir qədər yana əyilərək ağız boşluğu üzərinə cib dəsmalı sarınmış şəhadət barmaqla selikdən, qusuntu kütlələrindən, qan laxtasından təmizlənir.
Hadisə yerində süni tənəffüs bir sıra üsullarla aparılır. Bu üsullar içərisində ən sadəsi və səmərəlisi tənəffüsün "ağızdan-ağıza" verilməsidir.
☝️ "Ağızdan-ağıza" tənəffüsün verilmə texnikası:
✔️Zərərçəkmiş şəxs arxası üstə sərt əşya üzərinə uzadılır;
✔️Döş qəfəsini sıxan paltarların yaxası açılır;
✔️Dərhal alt çənə bir qədər önə dartılmaqla, xəstənin başı yana əyilir, ağız boşluğu dəsmalla yad cisimlərdən, selikdən, qusuntu kütlələrindən təmizlənir və yuxarı tənəffüs yollarının keçiriciliyi təmin edilir.
✔️Xəstənin sağında durmaqla sağ əllə onun boynu bir qədər yuxarı qaldırılır və zərərçəkmiş şəxsin başı bir qədər arxaya sallanır (yaxud bu məqsədlə çiyin qurşaqlarının altına hər hansı bir əşya qoyulur);
✔️Sonra xəstənin açılmış ağzının üstünə dəsmal (tənzif parçası) sərir, sol əli alına dayayıb, iki barmaqla onun burnunu sıxırlar;
✔️Nəfəs verən şəxs hər 3-5 saniyədən bir dərindən nəfəs alaraq ağzını xəstənin ağzına dayayır və ciyərlərindəki havanı xəstənin ağ ciyərlərinə qovur;
✔️Sonra yardım göstərən insan dodaqlarını xəstənin dodaqlarından aralayır, barmaqlarını isə burundan çəkir. Bu hərəkətlər ritmiki surətdə bir dəqiqədə 12-16 dəfə təkrarlanır və hər nəfəsvermə zamanı xəstənin ağ ciyərlərinə 1 litrə qədər hava qovulur. Ağ ciyərlərə hava daxil olduqda döş qəfəsi bir qədər qalxır, nəfəsvermə zamanı isə enir.
✌️ "Ağızdan-buruna" süni tənəffüsün aparılması. Ağızı açmaq mümkün olmadıqda vaxt itirməyərək bu üsula keçilməlidir:
✔️Yaxası açılmaqla arxası üstə uzanmış zərərçəkmiş şəxsin burnunun üstünə tənzif (cib dəsmalı) sərirlər.
✔️Yardım göstərən şəxs dərindən nəfəs alaraq ağzını xəstənin burnuna dayayır, bir əlilə alından tutur, digər əlilə isə alt çənəni sıxmaqla (hava qovulan zaman ağızın açılmaması üçün) havanı xəstənin ağ ciyərlərinə qovur və sonra ağzını xəstənin burnundan çəkir.